2-4 yaşlı uşaqların qidalanması ilə bağlı məsləhətlər

Gündəlik nələr yeyib-içdiyimizin sağlamlığımıza ən çox təsir edən amillərdən biri olduğunu bilirik. Son tədqiqatlar göstərir ki, yetkinlik yaşına çatmış insanların böyük bir əksəriyyəti tövsiyə olunan şəkildə qidalanmırlar. Bəs uşaqlar necə? Onlar lazımi şəkildə qidalana bilirlərmi? Əminəm ki, bu sualın cavabı hər bir valideyni qayğılandırır. Bir valideyn olaraq oxuduqlarım və öyrəndiklərim haqqında sizinlə də bölüşmək istəyirəm. İstəyirəm, çünki hər bir uşağın sağlam qidalanmağını və sağlam yaşamağını arzu edirəm. 
Hər şeydən əvvəl qeyd edim ki, mən nə həkiməm, nə də qidalanma üzrə mütəxəssisəm. Burada yazılan tövsiyələr öz təcrübəmlə yanaşı, Amerikada alıb oxuduğum kitablardan öyrəndiklərimdir. 
İlk olaraq 2-4 yaş arası uşaqların qidalanmasından başlayaq. 2 yaşını tamamlamış uşaqların qidalanması valideynlər üçün həm bir az rahatlıq, həm də çətinlik gətirir. Bu yaşda olan uşaqlar artıq özləri qidalana bilirlər və nisbətən daha səliqəli yemək yeyirlər. Eyni zamanda, bu uşaqlar qida ilə bağlı daha tələbkar ola bilirlər. Bizim açar sözlərimiz səbrdavamlılıq olacaqdır. Biz səbirli olmalıyıq, çünki uşaqlar səbirsizdirlər. Davamlılıq vacibdir, çünki uşaqlar bunu sevirlər.
Bir çox uşaqlar yeni qida ilə tanış olanda ilk dəfədən ondan imtina edirlər. Tədqiqatlar göstərir ki, uşaqların hansısa yeməyin dadına baxması üçün onu 15-30 dəfə görməsi lazımdır. Aşağıda sizə uşaqlara yeni qidaların təqdim olunması üzrə məsləhətləri qeyd edirəm. Mən özüm şəxsən bunları sınaqdan keçirmişəm və əminliklə deyə bilərəm ki, hər biri çox gözəl işləyir :) 

  • Yemək hazırlayarkən uşaqları da bu işə qoşun. Onlara öz yaşlarına uyğun tapşırıqlar verin. Məsələn, salatı qarışdırmaq, çörəyin üstünə yağ çəkmək, su süzmək və s. kimi işlər onlarda “mən bacarıram” düşüncəsini oyadır və onlar özləri ilə fəxr edirlər. Bu zaman kəsici alətləri uşaqlardan uzaq tutmağı unutmayın;
  • Uşaqlara süfrəni qurmağı öyrədin. Öz təcrübəmdən deyə bilərəm ki, bu iş həm sizin, həm də onun üçün çox əyləncəlidir;
  • Yeni qidalara qarşı həvəs yaradın. Özünüz onun yanında yeyib dadından həzz aldığınızı göstərin;
  • Yeməsə belə, onun qabına yeni qidadan azca da olsa qoyun. Bir dişlək belə alsa bəsdir. Zamanla dişləklərin sayı artacaq; 
  • Ən əsası, uşağınız yeni qidanı yeyən zaman “afərin” deməyi unutmayın.

Süd məhsulları ilə bağlı məsləhət
Süd və süd məhsulları 2-4 yaş arası uşaqlara inkişaf üçün kifayət qədər enerji verməklə yanaşı, həm də sümüklərin və dişlərin normal inkişafı üçün əsas olan D vitamini və kalsium mənbəyidir. Eyni zamanda, gündəlik 750 ml-dən çox süd içməyin yeyilən digər qidaların azalmasına səbəb olduğunu da unutmamalıyıq. Buna süd əmən uşaqlarda daha çox rast gəlinir. Süd əmən uşaqlar çox süd içdikdə digər qidalara qarşı iştahsız olurlar və bu da öz növbəsində dəmir çatışmazlığına səbəb ola bilir. Süd və süd məhsullarında müəyyən qədər dəmir olmasına baxmayaraq bu miqdar uşaqların inkişafı üçün lazımi qədərdən azdır. Ona görə də 2 yaşdan yuxarı uşaqlara südü ya çubuqlu butulkada, ya da adi stəkanda vermək məsləhətdir. 
Bizim pediatrımız qızımın 1 yaşı tamam olandan sonra tam yağlı südə, iki yaşından sonra isə 2%-li südə keçməyimizi məsləhət gördü. Əgər uşağın kilo almaqla bağlı problemi varsa tam yağlı süd ilə davam etmək daha məsləhətlidir. Amerikada yaşayanlar üçün deyim ki, həm pediatrımız tərəfindən bizə məsləhət görülən, həm də özümüzün içib daddığımız südlər arasında ən çox bəyəndiyimiz “Horizon Vitamin D” südüdür. Mən həyatımda belə dadlı süd içməmişəm. Kaş ki, Azərbaycanda da bu süddən satılardı...
Faydalı süd məhsullarına pendir və yoqurt da daxildir. Meyvə dilimləri ilə birlikdə servis edilən çedar pendiri və lor pendir çox yaxşı qəlyanaltı seçimidir. Meyvəli yoqurtdansa sadə yoqurta özünüz mövsüm meyvələri qatıb versəniz daha yaxşı olar. Hətta bunu uşağınız etsə lap əla olar. Meyvəli smoothie (azərbaycanca qarşılığını bilmirəm) də alternativ variantdır.

Gündəlik çörək
Uşaqlar daim hərəkətdə olduqları üçün onlara sağlam karbohidratlar qəbul etmək gərəkdir. Tam buğda unundan hazırlanmış çörək və dənli bitkilər dəmir, B vitamini, bağırsaqların yaxşı işləməsi üçün lazım olan fiber və enerji üçün karbohidrat mənbələridirlər. Bu məhsullara ən yaxşı misallar tam buğda unundan hazırlanmış çorəklər, makaron və spagettilər, qəhvəyi düyü və quinoadır. Uşaqlar normalda bu məhsulları sevdikləri üçün ən azından bu məsələdə çətinliyimiz olmur. 

Tərəvəzlər
Tərəvəzlər müxtəlif növ vitamin və minerallar baxımından uşaqların gündəlik qidalanmasında mühüm yer tutur. Tərəvəzlərdəki fiber gündəlik adekvat ölçüdə qəbul olunan maye ilə bərabər qəbizliyin qarşısını almağa kömək edir. Lakin araşdırmalar göstərir ki, uşaqlar tövsiyə olunan tərəvəz miqdarının 25%-dən az tərəvəz yeyirlər və nəticə etibarilə bu uşaqlar yetəri qədər A və C vitaminləri və fiber qəbul etmirlər. Bəs necə edək ki, uşaqlarımız meyvə və tərəvəzə daha çox üstünlük versinlər? İlk məsləhətim odur ki, şərt qoşmayın. Məsələn, “bunu ye, yoxsa filan şey olmayacaq” və ya “bunu yesən sənə filan şey alacağıq” kimi cümlələr əvəzinə “tərəvəz yemək sənin daha çox oynamağına kömək edir”, “tərəvəz yesən tualetə gedəndə qarnın ağrımayacaq” kimi qidanın əsl faydalarından bəhs edə bilərsiniz. Unutmayın, 2 yaşlı uşaq artıq sizin dediklərinizin hamısını anlayır. Alternativ olaraq meyvə və tərəvəzlərə müəyyən forma verərək uşaqların qablarını daha maraqlı edə bilərsiniz. Məsələn, banandan delfin, çiyələkdən gül, xiyardan yarpaq, üzümdən göz düzəltmək kimi müxtəlif maraqlı ideyalarla qabı bəzəyə bilərsiniz. 


Vitamin əlavələri
Meyvə və tərəvəzlərdə olan vitaminlər, minerallar, immun sistemimiz üçün lazım olan fitokimyəvilər və fiber heç bir vitamin əlavəsində yoxdur. Ona görə də səbr və davamlılıqdan istifadə edərək uşaqlarımıza meyvə və tərəvəz verməyə davam etməliyik. 

İçkilər
Çalışın, uşaqları sudan başqa bütün içkilərdən (buraya təzə sıxılmış meyvə şirəsi də daxildir) uzaq tutun. Çünki uşaqlar şirin içkilərə öyrəşdikdən sonra sudan imtina edirlər. Meyvə şirəsini verməkdənsə meyvənin özünü vermək daha faydalıdır. Bir çox valideynlər elə düşünürlər ki, uşağa təzə sıxılmış meyvə şirəsini vermək daha faydalıdır, halbuki fiberlə zəngin olan meyvənin özüdür, şirəsi deyil. Bu səbəbdən, uşaqların gündəlik qidalanmasına mütləq sezon meyvələrini daxil etmək lazımdır. Qablaşdırılmış meyvə suları da sizi aldatmasın. Üzərində bir çox vitaminlərin olduğu yazılan meyvə suları biz valideynlər üçün rahat seçim ola bilər, amma unutmamalıyıq ki, bu meyvə sularının tərkibindəki şəkər daha yüksəkdir. 

Boğulma halları
Uşaqlar 2 yaşından başlayaraq 6 yaşına qədər qidalanmanı özləri öyrənirlər. Bu müddət ərzində onlar daha yaxşı çeynəmə və udma bacarıqları əldə edirlər. Ən çox boğulma riski 2-4 yaş arası uşaqlardadır. Bəzən nəzarətsiz 10 saniyə faciəyə səbəb ola bilər. Bir xəstəxananın təcili yardım şöbəsinin araşdırmasına əsasən qida məhsulları boğulma hallarının 60%-ni təşkil edirsə bunun 20%-ni konfetlər təşkil edir. Udması çətin olan qidalara popkorn, günəbaxan toxumları, bütöv kök, bərk və ya gel halında olan konfetlər, bütöv qoz, kişmiş, sümüklü balıq, saqqız, fıstıq və fıstıq yağı, hot dog, bütöv üzüm, bişməmiş noxud, tumlu meyvələr və s. daxildir. 

Boğulma hallarının qarşısının alınması üçün məsləhətlər
  • 4 yaşdan aşağı olan uşaqlar üçün təhlükəli sayılan (yuxarıda sadaladıqlarım və onlara oxşar digər qidalar) qidaları uşaqlara ya verməyin, ya da həmin qidaları kiçik hissələrə bölərək nəzarətiniz altında yeməsinə icazə verin;
  • Uşaqlara yemək və içkini ancaq oturaq vəziyyətdə verin. Uzanmış vəziyyətdə əmzik və ya digər qidaların qəbulu təhlükəlidir. Gəzərək və ya qaçaraq da yemək yeməsinə icazə verməyin; 
  • Uşaqları yeməyə zorlamayın;
  • Uşaqlarınız yemək yeyərkən onları nəzarətsiz buraxmayın;
  • Uşaqlarınızın yaşına uyğun olan oyuncaqlar alın və digər uşaqların oyuncaqlarına yaxın buraxmayın;
  • Çörəyin üzərinə nəsə yaxırsınızsa bunu çox qalın etməyin və hər tərəfinə bərabər şəkildə yaxın;
  • İnternetdən boğulma halları zamanı ilk yardım məsləhətləri olan videolara baxın və öyrənin. 

Uşaqlar üçün mərləhət görülən protein qidaları
Bu qidalara ət, balıq, yumurta, toyuq, lobya, mərcimək, ispanaq və s. məhsullar daxildir. Uşaqların ən çox sevdiyi protein qidaları yumşaq ət (məsələn küftə və ya öz suyunda çox bişmiş qırmızı ət), toyuğun quru döş əti əvəzinə sulu və yumşaq bud əti, nazik doğranmış qovrulmuş dana əti, bişmiş lobya, duxovkada və ya qrildə bişmiş sümüksüz balıq, yumşaq bişmiş yumurta və ya qayğanaq, konservləşdirilmiş tuna və ya salmon balığı (yağ və sousuna diqqət edin) və s. kimi qidalardır.

Qəlyanaltı ideyaları
  • Kiçik doğranmış təzə meyvələr (alma dilimləri, yarıya bölünmüş çiyələklər, portağal hissələri, kivi dilimləri, giləmeyvələr və s.);
  • Kiçik doğranmış təzə tərəfəzlər (xırdalanmış kök, xiyar dilimləri, brokolinin gül hissələri, pomidor dilimləri və s.);
  • Humus və ya əzilmiş avokado ilə servis edilmiş lavaş;
  • Pendir dilimləri;
  • Sadə və ya vanilli yoqurt;
  • Süd və evdə bişmiş peçenyelər və s.

Uşaqların seçimlərinə hörmət edin

Bir çox uşaqlar yemək məsələsində kaprizli olurlar. Gəlin, biz bunları kapriz yox, seçim adlandıraq. Bəziləri xiyarı qabıqlı sevir, bəziləri qabıqsız, bəziləri almanı dilimlənmiş yeyir, bəziləri mütləq şəkildə bütöv halda əlində tutmaq istəyir, bəziləri bananı özü soymasa yemir, bəziləri isə qabığını belə görmək istəmir və s. bu kimi yüzlərlə seçimlərlə qarşılaşırıq. Bu seçimləri anlamaq bizim üçün çətin olur, amma unutmayın ki, uşağınız da bir fərddir və hörmət olunmaq istəyir. Bu gün yemədiyini sabah sevə-sevə yeyə bilər. Bu seçimlər çox vaxt qısa müddətli olur. Ona görə də yemək yemə zamanına neqativlik yükləmədən bu vaxtı sakit və xoş keçirməyə çalışmalıyıq. Zamanla hər şey düzəlir və qaydasına düşür. 

Baxçaya gedən uşaqların qidalanması haqqında məsləhətlər
Günümüzdə bir çox valideynlər uşaqlarını baxçaya göndərirlər. Baxça seçərkən məsafə, dərslərin keyfiyyəti, nizam-intizam qədər uşaqların orada nə yedikləri də ən vacib məsələlərdən biridir. Hətta ən vacibidir deyə bilərəm, çünki bu, birbaşa uşağınızın sağlamlığı ilə bağlıdır. Bu səbəbdən də baxça seçimi edərkən aşağıdakı məsələlərə fikir verməyiniz məsləhətdir:
  • Hər həftə menyunu yoxlayın. Həm əsas yeməklərə, həm də qəlyanaltılara fikir verin. Menyu seçiminin necə edildiyini və kimlərin bu prosesdə iştirak etdiyi barədə soruşun;
  • Uşağınızın qəbul etdiyi qidaları izləyin. Hər-hansı bir məsələdən narahatsınızsa baxçadakı məsul şəxslərdən uşağınızın gündəlik nə yeyib nə yemədiyi ilə bağlı məlumat istəyin;
  • Meyvə və tərəvəzlərlərin təzə və uşağın yaşına uyğun olmasından əmin olun;
  • Uşaqlara içki olaraq nə verildiyini öyrənin. Verilən su miqdarı meyvə şirəsinin miqdarından qat-qat çox olmalıdır. Meyvə suyundan imtina edin;
  • Qəlyanaltıların nə olduğunu öyrənin və sağlam olub-olmadığını araşdırın;
  • Baxçada və evdə eyni şeyin bişmədiyindən əmin olun;
  • Əgər baxçanı çox bəyənib menyusunu bəyənmirsinizsə onda özünüz hər gün uşağınız üçün bol vitaminli və minerallı yemək hazırlayıb çantasına qoyun.

Uşaqların ağız təmizliyi ilə bağlı məsləhətlər

2 yaşına çatmış uşaqların dişlərinin çoxu artıq çıxmış olur. Bizim pediatr 1 yaşına qədər ftoridsiz diş pastası, 1 yaşından sonra isə fırçaya düyü boyda sürtülmüş ftoridli diş pastasından istifadəni məsləhət gördü. Bəzən valideynlər “onsuz da bu dişlər töküləcək” deyib uşaqların dişlərini fırçalamırlar. Bu, çox yalnış bir addımdır. Dişləri fırçalamaq hər şeydən əvvəl həm ağız təmizliyi, həm də uşaqlarda diş fırçalama vərdişi yaratmaq üçün çox vacibdir. 
Uşaqların dişləri gündə ən az 2 dəfə (səhər və axşam) fırçalanmalıdır. Əgər uşaq şirin və ya yapşıqan bir şey yeyirsə, yedikdən sonra dişlər yenə də fırçalanmalıdır. 
Bir çox uşaqlar axşam yuxuya gedəndə ağızlarında butulka olmasını istəyirlər. Bu halda ağızda uzun müddətli karbohidrata məruz qalan qabaq dişlər olduğundan ilk zərər görən də məhz onlar olur və diş çürüməsi baş verir. Butulka uşağı sakitləşdirir deyə valideynlər məcbur qalıb onu uşağa verirlər, başa düşüləndir. Lakin bunun da çarəsi var. Axşam uşağınızın dişlərini fırçaladıqdan sonra butulka istəyərsə içini su ilə doldurun və uşağınız butulka istədikdə onu verin. İnanın, əsas çətinliyiniz cəmi 3 gün olacaq, ondan sonra uşağınız öyrəşəcək və yavaş-yavaş onu da tərgidəcəkdir.   

Hələlik məndən bu qədər. Nəsə sualınız olarsa Instagram səhifəmə yaza bilərsiniz. Açar sözlərimizi unutmayın.

No comments:

Post a Comment