Siçanlar və İnsanlar – Con Staynbek

Con Staynbek bu kitabı 1930-larda yazmış və əsər ilk dəfə 1937-ci ildə işıq üzü görmüşdür. Əvvəlcə novellanı “Something that happened” – yəni “Baş vermis bir hadisə” adlandırmaq istəsə də Robert Burnsun “To a mouse” (Siçana) adlı şerini oxuduqdan sonra kitabın adını dəyişdirərək “Siçanlar və İnsanlar” qoyur. Şerdəki “Siçanlar və insanların ən yaxşı planları baş tutmur və bizə qalan sadəcə kədər və ağrı olur” misraları onu bu başlığı dəyişməyə vadar edir.

Kitab fermada çalışan iki adamın başına gələn bədbəxt hadisələri təsvir edir. Qeyd edim ki, Staynbek özü də bir zamanlar ferma işçisi olmuş və bu əsəri də öz təcrübələrinə əsasən yazmışdır. 


Corc Milton və Lini Smol Kaliforniyadakı Soledad yaxınlığında bir fermada iş tapırlar və bir müddət işləyib kifayət qədər pul topladıqdan sonra özlərinə kiçik bir ərazi alıb öz işlərini qurmaq xəyalı ilə yaşayırlar. Corc ağıllı amma zəif, Lini isə iri gövdəli, güclü lakin ağıldankəm biridir. Lini yumşaq şeylərə toxunmağı çox sevdiyindən əvvəl işlədikləri fermada kiçik siçanları cibində saxlayıb özündən asılı olmadan onları bərk sığalladığı üçün həmişə öldürür. Onun bu xüsusiyyəti başına böyük bir iş açır və nəticədə onların həmin yerdən qaçmalarına səbəb olur. 

 

Corc və Lininin ortaq bir xəyalları var: onlar işləyib pul yığacaqlar və yığdıqları pulla öz işlərini quracaqlar. Corc Liniyə söz verir ki, gələcəkdə quracaqları fermalarında Lininin çoxlu dovşanları da olacaq və onları istədiyi qədər sığallaya biləcək. Bu yolla Corc Linini öz nəzarətində saxlayırdı, çünki Lini yenə başına bir iş açsa Linini ona dovşanları verməyəcəyi ilə hədələyirdi. Lini və Corc yeni fermalarında işə başladıqdan sonra bu xəyallarna Kendi adlı bir nəfər də ortaq çıxır və bu, Corcun planlarına uyğun gəlir, çünki Kendinin kifayət qədər pulu var idi və beləliklə onlar tez bir zamanda öz fermalarına qovuşa bilərdilər. Kendi fermada işləyərkən qəza nəticəsində bir əlindən olmuşdu. O, artıq yaşlandığından onu tezliklə işdən çıxaracaqlarını bildiyi üçün Corc və Lini ilə birlikdə yaşamaq və işləmək, xüsusilə də yeganə dostu olan itinin ölümündən sonra onun üçün bir xilas yolu idi. Bu plandan xəbərdar olan qozbel Kruks (fermada çalışan yeganə qaradərili) əvvəlcə onları lağa qoysa da, içdən-içə o da bu xəyalın bir parçası olmaq istəyir. Kruks fermada böyük bir ayrıseçkiliyə məruz qalmaqla bərabər tez-tez müdirləri tərəfindən döyülür və digər işçilərdən ayrı yerdə yaşayır. Nə Kruksun digər işçilərin otağına girməyə, nə də digər işçilərin onun otağına gəlməyə icazələri var idi. Ferma sahibinin oğlu Körli isə o dönəmin qudurğan, xain, özündən aşağıdakıları əzən, özünü sübut etməyə çalışan tipik bir sahibkarın prototipidir. Həyat yoldaşı ilə arası yaxşı olmasa da onu dəlicə qısqanır və evdə olmayanda onu dəli kimi hər yerdə axtarır. Bu məsələ ferma işçiləri arasında gülünc və ikrah yaradan bir hadisəyə çevrilir.

 

Müxtəlif təbəqədən olan bu insanları bir fermada işləmək birləşdirir. Eyni fermada bu qədər işçinin olmasına baxmayaraq hər bir işçi çox yalnızdır. İşçilərin qurduqları həyata keçməyəcək xəyallar, varlıların zülmü və yalnızlıq əsərin əsas mövzularındandır. Bu mövzular arasında mənə ən çox toxunanı yazıçının yalnızlıq haqqında dedikləri təsir etdi.

 

“İnsan yanında biri olmazsa delirir. Kim olduğu hiç önemli değildir, yeter ki yanında olsun. Sana bir şey diyeyim mi? İnsan çok uzun süre yalnız kaldı mı hastalanır, yalnızlıktan hastalanır… Bazen düşüncelerini birine söylemek ister doğru mu yalnış mı diye ama kimsesi yoktur işte. Bir şey görünce bile onu gördüğünden tam emin olamaz gösterecek kimsesi olmadığından. Yanındakıne dönüp ‘Gördün mü sen de?’ diye soramaz ki. Belemez ne gördüğünü. Soracak kimsesi yoktur ki.”

 

Bir nəfəsə oxuya biləcəyiniz bir novelladır. Mütləq oxuyun və xəyallarınızın ardınca gedin…

No comments:

Post a Comment