Yeşilçamın haqqında ən çox danışılan filmlərindən biri olan "Səlvi boylum, al yazmalım" haqqında ilk dəfə uşaq vaxtı anamdan eşitmişdim. O vaxtlar heç dial-up internetimiz də yox idi. Anam da bu filmə gənc yaşlarında hələ kənddə yaşayanda baxmışdı. Uşaqlıqdan anamın bu film haqqında gözəl sözlərini o qədər eşitmişdik ki, bacımla mən həmişə türk kanallarında nə vaxtsa filmi göstərəcəklərini ümidlə gözləyirdik. Nəhahət, bir gün film hansısa kanalda qarşımıza çıxdı və niyə bilmirəm, amma anam bizimlə birlikdə onu izləmədi, "mən onsuzda nə olacağını bilirəm" deyib özünü işə verdi... Bəlkə də cavanlığını xatırlamaq istəmirdi...
Kitabı bitirdikdən sonra təmbəllik etmədim, filmə bir də baxdım :)
"Sevgi nədir?" sualına cavabın "Sevgi əməkdir" olduğunu ilk dəfə bu filmdə eşitmişdim. Bu son səhnə o qədər ağlamalı və təsirli idi ki, bu cümlə indiyə kimi mənim yadımdan çıxmayıb. Filmə baxmağımdan bəlkə də 20 il keçib, mən isə onun kitabını təzəlikcə oxuyub bitirmişəm. Düzü, bu filmin kitabdan çəkildiyini, yazarının da Çingiz Aytmatov olduğunu bilmirdim...
Qırğız yazar Çingiz Aytmatovun deyilənə görə ən maraqlı əsərlərindən biri olan "Səlvi boylum, al yazmalım" haqqında çəkilən filmdə Türkiyənin ən gözəl iki oyunçusu Türkan Şoray və Kadir İnanır baş rollarını paylaşıblar. Sırf onların iştirakı ilə film daha çox izləyici cəlb etmişdir desəm, məncə yalan deməmiş olaram.
Kamaz sürücüsü olan İlyas (kamazını da çox sevir) arabasını düşdüyü palçıq çuxurundan çıxartmağa çalışarkən kamazının altına girir və bu zaman iki cüt kişi çəkməsinin orada dayandığını görür. Əvvəlcə onun kişi olduğunu düşünərək çıxıb getməsini əmr edir, lakin onun donunun ətəyini görüb qadın olduğunu biləndən sonra qarı nənə olduğunu düşünür. Lakin İlyas heç vaxt təsəvvür edə bilməzdi ki, bu çəkməni geyinən qız onun indiyə kimi gördüyü bütün qızlardan daha gözədirl, bu qız onun səlvi boylu al yazmalısı olacaq. İlyas bu gözəl qıza elə oradaca vurulur və onu ömrünün sonunadək unuda bilmir...
Günümüzdə hələ də kəndlərdə adət olan qızlarını "adı çıxmasın" deyə gənc yaşda tanımadığı biri ilə evləndirmək Aselin da başına gəlmişdi. O, heç tanımadığı, yaşlı amma nisbətən varlıqlı bir kişi ilə evləndirilmək üzrə idi. Bu zaman İlyas adında yaraşıqlı bir oğlan onun qarşısına çıxır və bu iki gənc ilk dəfədən bir-birlərinə aşiq olurlar. İlyas Aseli qaçırdır və beləcə onlar ailə quraraq bir də oğlan uşağı sahibi olurlar. Bir müddət çox xoşbəxt yaşayırlar, lakin sonradan İlyasın işləri qaydasında getmir, Aselə xəyanət etməyə başlayır və bunu özünə bağışlaya bilmədiyindən Asellə münasibətləri pisləşir. Asel olub-bitəni öyrəndikdən sonra evi tərk edir və İlyas onu axtarsa da tapa bilmir.
İllər sonra İlyasın başına gələn bir yol qəzasından sonra qəribə bir təsadüf nəticəsində Asellə qarşılaşır və onu əbədi olaraq itirdiyini anlayır.
Adətim üzrə kitabdan ən çox sevdiyim hissələri aşağıda bölüşürəm:
"Ne kimsenin gözüne görünmek, ne de kimseyi görmek istiyordum. Bu gibi durumlarda başkaları ne yapar bilmem, ama ben yalnızlığı ararım."
"Oysa fazla zorlamayacaksın kendini, yaşamdan alabildiğin kadarına razı olacaksın. Yazgısıyla fazla oynamamalı insan."
"Gerçek güzel şeydir. Gelgelelim, bazen öyle acı gelir ki ister istemez görmemeye çalışırsın."
No comments:
Post a Comment