«Si je suis, cela est-il? si cela est, suis- je?»
XII-XVI əsrlərdə roma memarlığını qotik memarlıq əvəz etmiş, intibah dövründən etibarən isə bu memarlıq tədricən yox olaraq öz yerini renessans memarlığına vermişdir. Bununla bağlı olaraq Avropada, xüsusilə də Fransada qotik memarlıq abidələri artıq bəyənilmir və bir çox abidələr məhv edilirdi. Notr-Dam kilsəsi də bunlardan biri idi. Baxımsız və köhnə olduğu üçün sökülməsi haqqında müzakirələr gedirdi. Parisi, onun memarlığını çox sevən dahi fransız yazıçısı Viktor Hüqo buna etiraz olaraq Paris Notr-Dam Kilsəsi ilə bağlı bir əsər yazmış və bu şah əsər kilsəyə marağı artıraraq sökülmə təhlükəsi altında olan bu tikilini xilas etmiş və bugünədək qorunub saxlanılmasına səbəb olmuşdur. Qeyd edim ki, Hüqo Parisi o qədər sevir ki, onu gecələr nəfəs alan, gündüzlər isə danışan opera qədər yüksək bir musiqiyə bənzədir.
Memarlığı bir növ söz azadlığı adlandıran (müəllifin də qeyd etdiyi kimi qədim dövrlərdən bəri söz azadlığı həmişə məhdudlaşdırıldığı üçün insanlar memarlıq və ya bu kimi vasitələrlə bildirmək istədikləri fikirləri ifadə etməyə başlamışdırlar) Hüqo özü də bundan çox məharətlə istifadə edərək Notr-Dam kilsəsinin əzəmətini, tarixiliyini dəqiqliklə təsvir edir və bizim indiki halına belə heyran olduğumuz kilsənin əvvəllər daha gözəl, daha zövqlü və daha tarixi olduğunu bildirir. Hüqo kilsəni təsvir edərkən dəfələrlə ona edilən dəyişikliklərdən narazı qaldığını (məsələn, kilsənin dairəvi pəncərəsinin mozaik şüşələrinin adi şüşə ilə əvəzlənməsi), bu yeni üslüba xitab edən dəyişikliklərin kilsəyə yaraşmadığını qeyd edir, məntiqsiz əlavələri cahilcə və yalnış adlandırır və dəblərin kilsəyə zaman və inqilablardan daha ziyadə zərər verdiyini yazır. İntibahın tikməklə kifayətlənməyərək yıxmağa başlamasından, roman Parisini məhv edən qotik Parisin özünün məhv olmasından və bu böyük şəhərin gündən-günə çirkinləşməsindən dərin təəssüf hissi keçirir. Əsəri oxuduqca tikintidən biraz başım çıxdığı üçün müəllifin kilsəni təsvir etdiyi hissələrdə yaxşı tarixçi olmaqla bərabər memarlıqdan da necə gözəl başı çıxdığını da anlamış oldum.
Əsər kilsə divarına qazılmış yunanca yazılan "ANAGCH" sözü ilə bağlı (mənası "TALE" deməkdir) hissə ilə başlayır və yavaş-yavaş bizi hər bir qəhrəmanla tanış edir. Hüqonun bu sözü həqiqətən də kilsənin divarında görüb-görmədiyini bilmirəm, amma özü qeyd edir ki, məhz bu söz bu əsəri yazmağa ona bəhanə olmuşdur. Əsas qəhrəmanlarımız Notr-Dam kilsəsinin zəngçalanı olan qozbel Kvazimovo, kilsənin baş keşişi Klod Frollo, kral qarnizonunda xidmət edən kapitan Feb de Şatoper, filosof Pyer Qrenquar və gözəllər gözəli Esmeraldadır.
Qəhrəmanlardan ən çox Kvazimodonu sevdim. Dəfələrlə Kvazimodonun keçirdiyi hisslər, başına gələn hadisələr və söylədiyi sözlər mənim gözlərimi yaşartdı. Hətta müəllif, onun səsinin söylədiyi sözlərin məzmunundan daha ağrılı olduğu qeyd edirdi. Tək dostunun kilsənin zəngləri olması, yeganə gözünün yaşarması, yeganə gözünü silməsi kimi ifadələr məndə Kvazimodoya qarşı dərin mərhəmət və sevgi hissi oyatdı. Hələ kiçik bir uşaq ikən kilsəyə atılan Kvazimodonu baş keşiş Frollo o biri dünyada səvablarının günahlarından ağır gəlməsi məqsədini güdərək övladlığa götürmüş və onu sevgidən yoxsul böyütmüşdür. Kvazimodo isə ona ünvanlanan həqarətlərin, söyüşlərin, bəd duaların nəticəsində bütün insanlara qarşı böyük kin və nifrətlə dolmuşdur. Kilsədə zəngçalan kimi xidmət göstərən Kvazimodonun qozbelliyi, ayağının birinin digərindən qısa olması, həddindən artıq çirkinliyi, gözünün birinin üstündə ziyil olması bəs deyilmiş kimi zənglərin gur səsindən hələ bir də kar olmuşdu. O, həyatda yalnız onun atalığı olan baş keşişə - öz ağasına hörmət və sevgi bəsləyirdi... ta ki Esmeralda ona çarxda zəncirlənən zaman su verənədək... Buna görə də əsərin sonuna yaxın öz-özünə "mənim elə sevdiklərim onlar imiş" deyərək tək gözündən yaşlar axır... Kvazimodo Esmeralda ilə tanış olduqdan sonra öz bədbəxtliyinin nə qədər böyük olduğunu anlayır və bütün bədbəxtliyini insana daha çox bənzəməsində görür. O hətta, Esmeraldanın keçisi Cali kimi tamamilə heyvana bənzəməyi üstün tutur ki, heç olmasa bu qızın ayağının altında sürünə bilsin. Sadəcə dəhşətdir...
Digər əsas qəhrəmanlarımızdan biri olan baş keşiş Klod Frollo isə alim, həkim, müqəddəs ata, kimyagər, bir sözlə dindar elm adamı olur və elm, oxumaq, yeni şeylər öyrənmək ona hər şeydən çox həzz verir. Ən çox sınandığı zamanlarda belə elm ilə məşğul olmaq ona bu sınaqlardan çıxmaqda dərhal kömək edirdi. Hüqo, Klod Frollonun dilindən bir çox anlamlı fikirlər və ifadələr də səsləndirir. Məsələn, o, qeyd edir ki, bir elmi (onu qalın meşəliklər adlandırır) öyrənmək istəyirsənsə ona cavan yaşda başlamalısan ki, oradan çıxanda ağsaçlı olasan. "Elm özlüyündə insanın üzündə qırışlar əmələ gətirir, onu qurudur və solmağa məcbur edir. Onun qocalıq qırışlarına ehtiyacı yoxdur". Bu fikri İlber Ortaylı da "Bir ömür nasıl yaşanır?" adlı kitabında qeyd etmişdi. Demək, cənab Ortaylı Hüqoya haqq verir...
Klodun bir gün Esmeraldanı Qrev meydanında rəqs edərkən görməsi onun bütün həyatını dəyişir. Bakir qalmalı olan baş keşiş bu qadına dəlicəsinə vurulur və etdiyi bütün yaxşı əməllər, axirətdə özünə yığdığı xəzinələr artıq gözünə görünmür. Bir daha əvvəlki Klod ola bilmir və bunda müqəssir kimi özünü yox, "insana da, şeytana da bərabər güc verməyən cənab Allahı" görür. Esmeraldanı əldə etmək üçün hər şeydən üz döndərməyə hazır olan bədbəxt Klod Frollo isə bu qadına bir şeytan təsiri bağışlayır. O, öz hisslərini "İnsanın nə etdiyini Tanrının belə görə bilməyəcəyini zənn etdiyi zamanlarda, qaranlıq və müdhiş gecələrdə öz vicdanından gizli-gizli soruşduğu, öz aləmində belə etiraf etməyə cəsarət etmədiyi şeylər..." kimi təsvir edir.
Hamının heyran olduğu Esmeraldanın aşıq olduğu Kapitan Feb de Şatoper isə fahişələrlə əyləncəni sevən, nişanlısı Flör-de-Lizi və əslində heç bir qadını sevməyən, onları sadəcə əldə etmək istəyən yaraşıqlı bir gənc zabitbir. Esmeraldanın ona bu eşqindən sui-istifadə etmək istəyən Feb onunla sadəcə bir gecə keçirmək istəyir amma işlər heç də istədiyi kimi getmir. Feb həmişə hər şeydən əvvəl özünü, öz hisslərini, öz ehtirasını və öz nüfuzunu düşünür. Onun haqqında çox danışmaq istəmirəm, çünki belələri əsərlərdə belə dözülməz olurlar.
Pyer Qrenquar əsərin əvvəlində qurulan səhnənin müəllifi, özünü filosof adlandıran, həyatını yaxşı qurduğuna, insanı idrak idarə edəndə onun hər şeydə ifadə oluna bildiyinə, tarazlığın həyatda əsas rol oynadığına inanan və bir tikə çörəyə möhtac olan çulsuz bir yazardır. Təsadüfən gəlib qaraçı dəstəsinə düşür, dar ağacından asılmaq üzrə olarkən yenə təsadüfən xilas olur və Notr-Dam kilsəsinə təşkil edilən hücuma insanları hazırlayan şəxs kimi çıxış edir. O, özü haqqında "Balaca adam olmağımız o demək deyil ki, böyük işlər görə bilmərik" fikirlərini söyləyir və həqiqətən də çox böyük bir iş görür. O, fəlsəfəyə və azadlığa, şirin quyruğu olmaqdansa, milçəyin başı olmağa üstünlük verir. Onun ölüm haqqında dediyi fikirlər mənim xüsusilə çox xoşuma gəldi. Həmin hissəni aşağıda qeyd edirəm:
"Ölüm - insanın xoşuna gəlməyən bir an, mənasızlıqdan heçliyə keçid deməkdir. Biri filosof Kerkidasdan soruşur: "Ölmək istəyirsən?" O cavabında deyir: "Niyə də ölməyim? Öləndən sonra böyük insanları - filosoflar arasında Pifaqoru, tarixçilər arasında Hekateyi, şairlər arasında Homeri, musiqiçilər arasında Olimpi görəcəyəm"". Mən ölüm haqqında heç vaxt bu cür optimist düşünməmişdim. Bu fikirlər həqiqətən də insanı rahatladır...
Nəhayət, Esmeralda, paklığın, saflığın, gözəlliyin, mərhəmətliliyin simvolu, onu qaçırmaq istəyən Kvazimodoya heç kimin yazığı gəlmədiyi halda ona mərhəmət göstərən, dar ağacından asılmaq üzrə olan Qrenquarı xilas etmək üçün onunla evlənən, Febə hər şeyini verəcək qədər aşiq olan bu ürəyitəmiz qızcığaz... Onun dostluq və sevgi haqqındakı fikirlər özünəməxsus saflıq və sadəlik nümunəsidir. Həmin hissələri aşağıda qeyd edirəm:
"Dostluq qardaş-bacı kimi bir canla, bir ruhla bir-birinə təmas edən, bütovləşə bilməyən bir əlin iki barmağı kimi yaşamaq deməkdir".
"Sevgi - küll halında bütövləşmiş iki varlıq deməkdir. Sevgi - mələyə çevrilmiş qadın və kişidir. Sevgi - göylər və asiman deməkdir".
Bu gözəl qız həmişə xoşbəxt olacağı günü arzulasa da uşaqlıqdan bəri keşməkeşli həyat keçirir: anasından ayrı düşür, əzab-əziyyət çəkir, haqsızlığa uğrayır, cadugər adlandırılır və xalq və məhkəmə tərəfindən amansızcasına edama məhkum olunur... Esmeraldanın da bəxti anası kimi gətirmir. Bədbəxlikdə onunmu yoxsa anasınınmı daha uğurlu olduğuna oxucu özü qərar verməlidir yəqin...
Dahi yazıçı bir çox hadisələri oxucunun gözündə daha yaxşı canlandırmaq üçün bir sıra rəsm əsərlərinə və heykəllərə istinad edir. Bunlardan ən çox bəyəndiyim Rembrandtın "Dr. Faust" əsərini Frollonun kiçik qaranlıq hücrəsinə bənzətməsi oldu. Həmin hissəni oxuyarkən bu rəsm əsərini diqqətlə nəzərdən keçirmək xüsusilə həyəcanverici idi. Təsadüfi deyil ki, Hüqo Rembrandtı rəssamlığın Şekspiri adlandırır. Həmin əsəri aşağıda yerləşdirirəm:
"İnsana ən böyük cəsarəti verəcək bir şey varsa, o da heç bir şey itirməyəcəyini anlamasıdır"
"Əgər mən mövcudamsa, demək, bütün bu gördüklərim həqiqətdir. Əgər bu, həqiqətdirsə, mən mövcudam?" - bu cümlələr Şamxal Həsənovun "Səs və ya Qırmızı" əsərindəki "Düşünürəm, deməli xoşbəxtəm. Deməli xoşbəxtəm, çünki azadam" sözlərini xatırlatdı...
"İfrat kədər, yaxud ifrat sevinc o qədər də uzunömürlü olmayan coşqun duyğular əmələ gətirir. İnsan qəlbi bu gərginliyə uzun müddət tab gətirə bilməz... Sevgi isə ağaca bənzəyir: o, öz-özünə böyüyür, bütün varlığımızda dərin kök salır, çox zaman xarabazara dönmüş sınıq bir qəlbdə göyərməyə və çiçəkləməyə başlayır. Sevginin gözü nə qədər kor olsa, bir o qədər çox yaşar. Bu da qəribə şeydir."
Edam səhnəsində Hüqo Bibliyada İsanın doğulduğu gün münəccimlərin gördüyü şərq ulduzu haqqında belə bir hissə var. "O gün göy üzü aydın və təmiz idi. Gecikmiş bir neçə ulduz yenicə sönürdü. Yalnız şəqdə, parlaq üfüqlərdə hələ də bir ulduz parlayırdı". Spoiler verməmək üçün bu hissə haqqında artıq heç nə yazmayacağam. Oxucu özü bunu anlasın.
Son olaraq qeyd edim ki, XIX əsrdə kilsədə heykəltəraş olaraq çalışan Henri Sibson öz memuarlarında kitabın yazıldığı illərdə orada qozbel bir naxışaçanın da çalışdığını qeyd etmişdir. Kim bilir, bəlkə də bu hadisələr həqiqətən baş vermişdi?
No comments:
Post a Comment