Kırmızı saçlı kadın - Orhan Pamuk

"Pamuk, en iyi kitaplarını Nobel'den sonra yazan eşsiz bir yazar" - kitabın arxasındakı bu cümlə  Independent qəzetinin rəyi idi və mən, yenə çox maraqlı, bir nəfəsə oxunacaq bir kitabla qarşı-qarşıya olduğumu hiss etmişdim. 

Çələngli qadın, Dante Qabriel Rossetti, Guildhall İncəsənət Qalereyası, London

Düzü, spoiler vermədən necə yazacağımı bilmirəm. Hər halda buna çalışacağam. 

Bu kitab ata-oğul münasibətlərini önə çəkən, xəyanət, sədaqət, cinayət, sevgi, eşq, siyasət kimi bir çox mövzuları ustalıqla bir-birinə bağlayan axıcı bir kitabdır. Ata ilə oğulun həm bir-birinə nə qədər bənzədiyini, həm də bir-birindən nə qədər fərqli olduqlarını, onların bir-birinə nə qədər çox ehtiyac duymasına baxmayaraq bir-birinə olan uzaqlıqlarını, əslində eyni fikirdə olduqları halda qarşısındakının fərqli düşündüyünü düşündüyü üçün onu mühakimə edən səhnələri qələmə alan bu romanı oxuduqdan sonra bir daha uşaqların mütləq şəkildə hər iki valideynə ehtiyacı olduğu, əks halda yarımçıq və asi olacaqları, xüsusilə də şərq despot toplumları haqqında fikirlərimə əlavə təsdiqedici səhnələr topladım. Atam olmadığı üçün atalıqla bağlı olan hissələri xüsusi diqqətlə oxudum, atamı düşündüm, onun üçün darıxdım... 

Firdovsinin "Şahnamə" və Sofoklesin "Kral Oidipus" əsərlərindən ilhamlanaraq yazılan bu kitabın lap əvvəlindən sonunda ata və ya oğul qətli olacağını sözsüz ki, hər bir oxucu tezliklə anlayar, amma həyatda qalanın hansı olacağı, daha çox kimin yaşamağını istədiyinlə bağlı fikirlərin kitabı oxuduqca müəyyən səhifələrdə dəyişir, dəyişməli olur. Yəqin ki, əgər valideynsinizsə oğulu seçəçəksiniz. Bəzən də bir qəhrəmanın dediklərinin, düşüncələrinin eynisini digərinin ağzından eşidirsən, belə olmasaydı, elə olardı deyirsən, görəsən belə olsaydı da yenə eyni sona çıxmaq olardımı deyə düşünürsən. Amma kitabda da yazıldığı kimi, "Hayat efsaneyi tekrar eder." Qaçınılmaz son yenə də eyni olacaqdı demək...

Əsas qəhrəmanlarımızdan biri olan Cem, atası həyatda olduğu halda atasız böyümüş, ata sevgisinə və şəfqətinə həsrət qalmış və Mahmud ustanı atasının yerinə qoymağa başlamışdı. Lakin nə Cem oğul kimi oğul ola bilirdi, nə də öz atası və Mahmud usta onun istədiyi ata ola bilirdi. Onu da qeyd etməliyəm ki, Mahmud usta ilə atası arasındakı ən böyük fərq ondan ibarət idi ki, Mahmud usta heç vaxt "küçük beyi" qoyub getməzdi, amma Cemin atası getmişdi, onları tərk etmişdi. Bəli, bəzən atanız olmayan şəxs sizə öz atanızdan daha yaxın, daha şəfqətli davrana bilir, bəzən bəlkə daha çox sevə də bilir... Biz isə hər bir halda bir atamızın olmasını istəyirik. Bəs bunu niyə istəyirik? 

"Bir baba ihtiyacı her zaman varmıdır, yoksa, kafamız karıştığı, dünyamız dağıldığı, ruhumuz daraldığı vakit mi isteriz babayı?"

Atasız olan Cem, anasını nə vaxtsa itirəcəyini sözlərlə düşünə bilmiş lakin bu anı gözlərində təsvir edə bilmədiyi üçün bu anı qara işıq, tərk edilməni isə səssizlik adlandırmışdı. 

"Bazan da bir şeyi kelimelerle düşünebilirdim ama gözümün önüne onu bir resim olarak getiremezdim. Siyah ışık gibi, annemin ölümü gibi, ya da sonsuzluk gibi."

"Dünyanın ne kadar sessiz olduğunu bir kere daha anladım. Yalnızca cırcır böceklerinin sonsuz vızıltısı vardı ve İstanbul'un uğultusu işitilmiyordu."

Bir-birinə ağılasığmazcasına bağlı olan hadisələr bizə əslində heç nəyin təsadüf olmadığını göstərməyə çalışır və bunu qırmızı saçlı qadının dilindən dəfələrlə açıqca deyir. Heç nə olmamış kimi davrana bilərsən və əgər bunu bacararsansa onda doğurdan da heç nə olmaz. Qəhrəmanımız heç nə olmamış kimi davranmağı sonuna qədər bacarsaydı heç nə olmayacaqdı, amma bacarmadı... Özünün də dediyi kimi:

"Dünya güzeldi, içim de güzel olsun istedim. İçimde bir suçluluk, hatta kötülük yokmuş gibi yapsam, yavaş yavaş kötülüğü unuturdum. Böylece hiçbir şey olmamış gibi yapmaya başladım. Hiçbir şey olmamış gibi yaparsanız ve gerçekten de hiçbir şey olmuyorsa, heçbir şey olmaz sonunda."

Aşağıda, kitabda qeyd olunan bəzi rəsm əsərlərini yerləşdirirəm. Oxucu zatən romanı oxuduqca maraqlanıb bu əsərləri tapmağa çalışacaqdır.

Dəhşətli İvan və oğlu, İlya Repin, Tretyakov Muzeyi, Moskva

 - "Ama onların saray ressamları niye bu anı bu kadar coşkuyla resmediyor"

 - "Çünkü kral ağlıyor da ondan. Resmin görünen manası pişmanlık ve acı... Ama asıl anlamı, sultanın acımasız gücünü vurgulamak."

Oidipus və Sfinks, Jan Avqust Dominik İnqre, Luvr Muzeyi, Paris


İran xalq rəsmi, Rüstəm və Zöhrab (kitabın arxasındakı şəkil)

Kitabda tövsiyə olunan filmlər və kitabları qeyd edirəm:

Dəhşətli İvan filmi - Eisenstein 

Kral Oidipus filmi - Pier Paolo Pasolini

Şərq Despotizmi - Karl A.Wittfogel

Karamazov Qardaşları - Fyodor Dostoyevski

İdiot - Fyodor Dostoyevski


"Sevinçle ona sarıldım ve boynunun tıpkı çocukluğunda olduğu gibi ucuz sabun ve bisküvi karışımı bir kokuyla koktuğunu mutlulukla bir kere daha fark ettim."

İmza: Kırmızı Saçlı Kadın


No comments:

Post a Comment