“Şeker Portakalı” kitabını ilk dəfə 2017-ci ilin iyun ayında İzmirə getdiyim zaman kitabçıda görmüşdüm. Kitabın adı məndə maraq oyatmışdı və onu çox sevdiyim bir rəfiqəmə almağı planlaşdırırdım. Şəhəri təzəcə gəzməyə başlamışdıq deyə kitab almağı sona saxladıq. Təəssüf ki, qayıdanda kitabı kitabçıda tapa bilmədim... Kitabı oxumaq isə mənə 2021-ci ildə qismət oldu. Çox vaxt məni ağladan bu kitab istər-istəməz eyni hadisələri sənə yaşadır, insanları gözlərinin önündə canlandırır və sən Zeze olursan. Bir Zeze olmaq isə çox çətin və ağırdır. Elə ağırdır ki, Zeze insanların dünyaya bir dəfə gələ bildiyinə şükür edərək ikinci dəfə dünyaya gələrsə buna dözə bilməyəcəyini deyir.
Yazarın da dediyi kimi roman günlərin bir günü hüznü kəşf edən kiçik bir uşağın hekayəsindən bəhs edir. Lakin bu hüzün o qədər sarsıdıcı olur ki, Zeze bir daha özünə gələ bilmir və bundan sonra bütün həyatı dəyişir. Keçirdiyi hissləri sonradan belə təsvir edir: "
Romanda yoxsulluq, dostluq, ailə münasibətləri, güvən və ən əsası bir uşağın ən çox ehtiyacı olduğu şeydən – sevgidən bəhs edilir. Yoxsulluq və işsizlik səbəbindən ailəni dolandırmaq məcburiyyətində qalan ana və iş tapa bilmədiyi üçün psixoloji problemləri olan ata uşaqları ilə maraqlana bilmirlər və bəzən də bütün acıqlarını kiçik Zezedən çox ağır şəkildə çıxırlar. Elə buna görə də Zeze atasını “öldürür”, ürəyində öldürür, ona qarşı bəslədiyi sevgini boğur və deyir: "Artık hiç bir şey beklemiyorum. Böylece hayal kırıklığına uğramıyorum"...
Ailədə və ətrafda heç kimin onu sevmədiyini düşünməsinə baxmayaraq Zeze, özünə dostlar tapmaqda çox yaradıcı davranır və Lusiano adını verdiyi yarasa və Minquinho adlandırdığı portağal ağacı ilə dostlaşaraq onlarla söhbət etməyə, dərdləşməyə başlayır. Amma bu dostların heç biri ona Portuqa qədər yaxın olmur. Portuqa, onun arzuladığı atasının yerini tutur və hətta bir gün Zeze Portuqadan onu övladlığa götürməsini istəyir. Zezenin bəxti yenə gətirmir və işlər heç də arzuladığı kimi getmir. 5 yaşında kiçik bir uşaq olmasına baxmayaraq həyatın ona gətirdikləri əyləncədən ziyadə faciə olur. Nə də olsa o “şeytanın vəftiz oğlu” idi...
Mütləq oxuyun, çünki sizə göz yaşlarınızı saxlaya bilməyəcəyiniz bir kitab tövsiyyə edirəm...


No comments:
Post a Comment