Səs və ya Qırmızı - Şamxal Həsənov

 “Səs və ya Qırmızı” əsərini oxuyub bitirdikdən sonra ağlıma L.N.Tolstoyun Anna Karenina əsərindəki ilk cümləsi gəldi: “Все счастли́вые се́мьи похо́жи друг на дру́га, ка́ждая несчастли́вая семья́ несчастли́ва по-сво́ему.” Bəli, anladığınız kimi romandakı ailə də bədbəxtdir...


Düzü, kitab haqqında fikirlərimi toplamaqda çətinlik çəkirəm. Bəzi hissələri iki dəfə oxumaq lazım olurdu, bəzilərini isə üç dəfə. Amma bu çətinlik romanın axarlılığını, marağımı və növbəti hissəyə keçmək həyəcanımı heç də azaltmadı. Hər halda qısa və sadə cümlələr olsaydı, yəqin maraqlı olmazdı. Hətta məhz o çətin və uzun cümlələr bəzən, heç haqq qazandırmadığım Ramizin hisslərinə istəmədən “düz deyir” deməyə vadar edirdi məni. Bu isə məni çox əsəbiləşdirirdi. Yazar istədiyinə nail olurdu deyəsən...

 

Kitabda Ramizin azadlıq haqqındakı fikirləri çox maraqlı oldu mənim üçün. Azadlığın düşünməklə başladığını, ən sevdiyi şeyin azadlıq olduğunu, düşünürsə deməli xoşbəxt olduğunu bildirirdi. Bəli, azadlıq düşünməklə başlayır. Amma hansımız bunu Ramiz qədər gözəl anlaya bilirik? Çox az bir qismimiz yəqin...

 

Bəs necə olur ki, bu qədər azadlığına düşkün, ən qorxduğu şeyin ölüm və başqasını öldürmək olan birisi azadlığını itirmək bahasına kimisə öldürə bildi? Necə oldu ki, törətdiyi cinayəti “əhəmiyyətsiz bir cinayət” adlandırdı? Necə oldu ki, bu cür əməli törətməyə cəsarət edən Ramiz, Z imtahanını heç vaxt keçə bilmədi? Vicdanının səsi olsa da, çox zəif idi, bəlkə ona görə... Hər bir halda, bu sualları hər bir oxucu fərqli cavablandıcaqdır.

 

Kitabda ən çox təsirləndiyim hissə isə “Məni öldürdülər” oldu. Bu hissəni oxuyanda Tomaso Albinioninin Adagio əsərini dinləyirdim. Oxuduğum cümlələr və dinlədiyim musiqi birləşərək sanki məni o səhnənin canlı şahidi etdi. Təsirindən çıxa bilmədim. Yazarın ölümü təsvir etməsi çox uğurlu alınmışdı. Həmin gün ölüm haqqında çox düşündüm və romandan olan aşağıdakı cümlələri təkrarladım:


“Amma arxada qoyduğum həyatın heç nə olmamış kimi davam edəcəyini qəbul etməyin çətinliyini düşünürəm. Əslində doğulmadan öncə hər şeydən necə bixəbər idimsə, ölümdən sonra da elə olacağam. Elə isə, ağlındakı səsləri və sualları saxla və zövqlü şeyləri düşün indi!”

 

Sonda isə sizə düşünmək üçün Ramizin verdiyi bu sualı qeyd edirəm: “Kimsə varlığımıza etinasızlıq göstərirsə, səbəb varlığımızın yüngüllüyüdür yoxsa ağırlığı?”

No comments:

Post a Comment