Rəssam və alıcı (1565)

Uşaqlıqdan həm bacımın, həm də mənim rəsmə çox böyük marağımız var idi. İrsi keçən bu istedadı bacım sonradan daha da inkişaf etdirsə də təəssüf ki, mən etmədim. Buna baxmayaraq rəsmə olan marağım hələ də qalır və rəsm sərgilərini gəzməyi çox sevirəm. 

İntibah dövrü rəssamlarının əsərlərinin bir çoxu Bibliyadakı mövzularla bağlı olduğu üçün onlara olan marağım daha çoxdur. Bibliyanı oxuduğum üçün əsərlərdəki hadisələrə fərqli bucaqlardan baxa bilirəm və bu da məni çox sevindirir. 

2018-ci ildə Vyanada olarkən İncəsənət Tarixi Muzeyinə (Kunsthistorisches Museum) də baş çəkmişdik. Həmin gün məşhur rəssam Peter Broyqlın (Pieter Bruegel) sərgisi həmin muzeydə təşkil edilmişdi. Broyqlın əsərləri üçün xüsusi otaqlar hazırlanmışdı və bu sərgiyə giriş biletləri də Muzeyə giriş biletlərindən ayrı satılırdı. Belə bir fürsətin bir də əlimizə keçməyəcəyini düşünərək hər iki bileti aldıq və sərgiyə daxil olduq. 


Sərgidə bir çox əsərləri xüsusilə bəyəndim və onlar haqqında ayrıca paylaşacağam. Bu yazımı isə “Rəssam və alıcı” əsərinə həsr edirəm. 



Sağdakı mənim sərgidə çəkdiyim şəkildir.


“Rəssam və alıcı” əsərini Peter Broyql 1565-ci ildə çəkmişdir. Bu əsər açıq qəhvəyi kağız üzərinə qələm və mürəkkəblə çəkilmişdir. Əsərin ölçüsü 255x215 mm-dir. Əsərdəki rəssam Broyqlın avtoportreti olaraq da bilinir. Əsərdə rəssam dəzgahının başında dayanmışdır. Sağ əlində fırçasını tutmuş və bütün diqqətini əsərinə cəmləşdirmişdir. Rəssamın arxasında isə gözləri rəsmdə, ağzı azca açıq (ya heyranlıqdan, ya da iştahadan), əli isə pul kisəsinə uzanmış olan alıcı durur. Onun üz ifadəsindən bəlli olur ki, əsərə sahiblənmək arzusundadır.


Rəssam isə saçları dağınıq, üstü-başı çirkli halda alıcının orada olduğundan xəbərsiz görünür. Alıcının geyimi də onun tacir olduğunu göstərir. 16-cı yüzillikdə rəsm əsərlərində eynəklərdən, təkcə görmə qabiliyyətinin zəifliyini yox, həmçinin dargörüşlülüyü təcəssüm etdirmək üçün də istifadə olunmağa başlanılmışdı. Broyqlın da əsərdə bunu göstərmək istədiyi istisna olunmur və alıcının rəssamın üzərində işlədiyi rəsm əsərinə lazımi dəyəri verə bilmədiyini göstərmək istədiyi bildirilir. Əsər insanların eyni yerə baxıb fərqli şeylər gördüyünü çox açıq şəkildə göstərir. Aşağıda sərgidə çəkdiyim şəkili sizinlə paylaşıram:



No comments:

Post a Comment