Sonuncu Çar Ailəsi – Romanovlar

Məktəb illərində az-çox Rusiya tarixi haqqında öyrənirdik. Bu öyrəndiklərimizin çoxu yadımda qalmasa da sonuncu çar ailəsinin Romanovlar olduğunu hələ də unutmamışdım.

 

Netflix-də baxmağa maraqlı serial axtararkən Sonuncu Çar Ailəsi (The Last Czars) serialı qarşıma çıxdı və izləməyin maraqlı olacağını düşündüm. 


Sonuncu Romanovlar

Əvvəla onu deyim ki, "soap opera" adlandırılan seriallardan fərqli olaraq burada hadisələrin canlı təsvirindən əlavə tarixçilərin də fikirlərinə yer verilməsi təqdirə layiqdir. Çünki nəyin həqiqət, nəyin qurma olduğunu anlamaq elə də çətin olmur. Buna görə də izləyərkən bilmədiyim bir çox yeni məlumat öyrəndim. 

 

Ən başlıcası Rasputin adlı özünü keşiş adlandıran həddən artıq əxlaqsız olan birinin çar ailəsinin, xüsusilə də Çariça Aleksandranın üzərində olan təsiri haqqında heç məlumatım yox idi. Onun Romanovların son varisi Aleksey Romanovun hemofiliya xəstəliyinə təsir edə bilmə bacarığı, Çariçanı ruhən rahatlatması, bu səbəbdən onun Çariça ilə adının hallanması, Rusiya-Yaponiya müharibəsi zamanı Çarın sarayda olmadığı və ölkənin Çariçanın səlahiyyətində olduğu zaman Çariçanın verdiyi məntiqsiz qərarlardakı təsiri və nəhayət, Romanovlar sülaləsinin hakimiyyətinə son qoyulmasındakı rolu haqqında məlumatlar mənim üçün yeni idi. 

 

Bundan əlavə, serialda qeyd olunmayan, amma özümün araşdırdığım və tapdığım məlumatlara görə Kraliça II Elizabet və Şəhzadə Filipin də Romanovlar ailəsi ilə (Çariça Aleksandra ilə) bağları var. Belə ki, Çariça Aleksandra Kraliça Viktoriyanın (1837-1901-ci illərdə Böyük Britaniya və İrlandiya Krallığının Kraliçası) nəvəsi olmuşdur. Kraliça Elizabet isə Kraliça Viktoriyanın kötücəsidir. Şəhzadə Filipin atası Şəhzadə Andrey (Yunanıstan və Danimarkanın Şəhzadəsi) isə Çariça Aleksandranın qardaşının və ya bacısının nəvəsi olmuşdur. Hətta deyilənə görə 2007-ci ildə sümükləri tapılan Mariya və Aleksey Romanovun şəxsiyyətlərinin təsdiqlənməsində Şəhzadə Filipin DNT-sindən istifadə olunub. Təəccüblü deyil ki, 1967-ci ildə Şəhzadə Filipdən Sovet İttifaqına səfər etmək istədiyini soruşanda “Baxmayaraq ki, soysuzlar ailəmin yarısını qətl ediblər, Rusiyaya getməyi çox istərdim” deyə cavab vermişdi. 

 

Romanovların güllələnmək üçün gətirildikləri zirzəmidəki səhnə

Hamıya məlum olan məşhur Bolşevik İnqilabından sonra hakimiyyəti əlindən alınan Çar İkinci Nikolayın və ailəsinin həzin sonu bir çox diktatorların taleyi ilə eyni olur, güllələnirlər. Çar ailəsinin qətlini 1998-ci ildə Rusiya Prezidenti Boris Yeltsin Rusiya tarixinin ən utancverici hadisələri kimi təsvir edir. Maraqlıdır ki, 1917-1918-ci ildə olan bu hadisədən indiki dövrdə də dərs çıxara bilməyən ölkə başçıları hələ də mövcuddur. Bəlkə də, sonuncu Romanovlar vaxtında Dumaya tam səlahiyyət verib parlamentli monarxiyaya keçid etsəydilər hadisələr bugün daha fərqli olardı.   

No comments:

Post a Comment