18 yaşında bu kitabı oxuyub növbəti illərdə sırası ilə yazılanları yerinə yetirsən, xoşbəxtsən deməkdir. Yox, əgər 30 yaşındasansa və kitabı oxuyanda orada yazılanların 90 %-ni etməyibsənsə çox məyus olacaqsan.
İllərdir ki, özümə maneələr və ya bəhanələr taparaq həyatımda həqiqətən etməyi istədiyim şeyləri gecikdirirəm. Bu kitabı elə bir vaxtda oxudum ki, artıq ən böyük bəhanəm olan işim yox idi. Yazılanları 20 yaşındakı bir insanın edə biləcəyi sürətlə edə bilməsəm də, 30 yaşındakı evli və uşaqlı birinin edə biləcəyi sürətlə etməyə artıq başlamışam. Bu isə məni çox sevindirir.
İlber Ortaylının da dediyi kimi, “Kendin gayret etmezsen ortada şans da olmaz”. Bəli, istədiyinə nail olmaq üçün çox çalışmalısan, səy göstərməlisən. Bəzən kimlərinsə şanslı olub nəyəsə nail olduğunu deyirik və yaxud, nəyinsə alınmadığını görəndə “...məndə ki bu bəxt var ha...” deyib bəxtsizliyimizdən gileylənirik. Əslində isə çox kobud bir səhv edirik. Həyatımızda nələrsə alınmayanda bu çox vaxt bizim az çalışqanlığımız, təmbəlliyimiz, bivecliyimiz və ya işi şansa buraxmağımız ucbatından olur. Odur ki, əvvəlcə nə istədiyimizi bilmək, sonra isə onu həyata keçirmək üçün planlı şəkildə hərəkət etmək və əlimizdən gələnin ən yaxşısını etmək lazımdır.
Kitabda iş ilə bağlı verilən məsləhətlərdən ən başlıcası isə özümüzə uyğun bir peşəni seçməli olduğumuzla bağlıdır. “Becerilerinize gerçekten uyan mesleği seçiniz. Kendi kapasitenizin altında çalışmayın. Kendinize bol ya da dar gelen bir gömleği giymekten kaçının” – deyir Ortaylı. Təəssüf ki, təhsilin keyfiyyətsizliyindən, orta məktəbdəki əzbərçilikdən və fikir mübadiləsinin yoxluğundan, valideynlər tərəfindən bəzi peşələrin pis (qazanc gətirməyən), bəzilərininsə yaxşı (yaxşı qazanc gətirən) peşə olduğunun uşaqların beyinlərinə həkk etmə cəhdlərindən irəli gələn səbəblərə görə özümüzə uyğun olan peşənin seçimində çox vaxt yalnış qərarlar veririk. Bu da öz növbəsində gələcəkdə peşmançılığa və sevmədiyimiz işi etmə məcburiyyətinə gətirib çıxarır. Belə valideynlər də özlərinin edə bilmədiklərini uşaqlarının etməsini istəyir. Niyyət yaxşı olsa da, hərəkətin özü yaxşı deyil. Ona görə də uşaqlarımızı istiqamətləndirərkən və onlara tövsiyə verərkən çox ehtiyatla davranmalıyıq. Bu kontekstdə aşağıdakı məsləhət lap yerinə düşür.
“Çocuğunuzu, sadece kendisi olduğu, cocuğunuz olduğu için sevin. Bizdeki büyük yanılgılardan biri, insanlarımızın kendi başaramadıkları şeyleri çocuklarından beklemesidir. Bunu yapmayın, çocuklarınıza kendi yükünüzü yüklemeyin.”
Gələk siyahılara. İ.Ortaylının tövsiyə etdiyi 26 muzeydən hələ ki, Parisdəki Louvre Muzeyini, Vyanadakı İncəsənət Tarixi Muzeyini və Belvedere Muzeyini, Türkiyədəki görülməli olan 20 tarixi əsərdən isə Ayasofya, Süleymaniyə və Mihrimah Məscidlərini görmüşəm. Mütləq oxunmalı olan 25 kitabdan isə sadəcə F.Dostoyevskinin Karamazov Qardaşları əsərini oxumuşam. Bu rəqəmlər çox azdır, amma bu nə məni, nə də sizi (əgər mənim kimi siyahınız azdırsa) ruhdan salmamalıdır. Əksinə, kitabın da köməyi ilə çox yaxşı gələcək planları qura bilərsiniz.
Sonda isə kitabdan ən çox bəyəndiyim bir neçə cümləni sizinlə paylaşmaq istəyirəm.
"Sorumluluk duygun yoksa hakk talep edemezsin. Çünkü hakkın temelinde sorumluluk vardır."
"Entelektüel, üstüne vazife olmayan işlerle ilgilenen kişidir."
"Burjuvazi her yerde mutlu ola bilir, küçük insan olamaz."

No comments:
Post a Comment