Bütün heyvanlar bərabərdir. Lakin bəzi heyvanlar digərlərindən daha bərabərdir.
Corc Orvelin “Heyvanıstan” kitabı ilə hələ Bakı Dövlət Universitetində bakalavr təhsili aldığım illərdə tanış olmuşdum. Səhv etmirəmsə təxminən 2009-cu il idi. Xaricdə təhsil almış iki müəllim (biri mühazirə, digəri seminar üçün) bizə Qloballaşma fənnini keçmək üçün təyin olunmuşdular. Hər ikisi çox savadlı müəllim idilər. Lakin Azərbaycan dilində bu fənnə aid kitab olmadığı üçün bizə oxumaq və dərsdə müzakirə etmək üçün ingilis dilində məqalələr göndərirdilər. Uşaqlar üçün bu məqalələri oxuyub anlamaq çox çətin olurdu. Bəzi uşaqlar ümumiyyətlə məqalələri oxumurdu.
Aralıq imtahanı çox çətin keçdiyi üçün qiymətlərimiz də heç ürəkaçan olmamışdı. Uşaqların çoxu məqalələri oxuyub tərcümə edə bilmədikləri üçün son imtahana hazırlaşa bilməyəcəklərini anlamışdılar. Buna görə də, dərslərin ingilis dilində materiallar əsasında keçildiyi üçün dekanlığa çoxlu şikayətlər daxil olmuşdu.
Bu şikayətlərdən sonra dekanlıq yekun imtahanın suallarının çoxunu tamamilə dəyişib ənənəvi standart suallar ilə əvəz etmişdilər. Biz isə bunu imtahan günü biletlərimizi götürəndə öyrənmişdik. Bütün qrup o imtahandan çox pis nəticələr almışdı. Amma mənə ən çox təsir edən qrupumuzun ən savadlı və səhv etmirəmsə beş nəfər Prezident təqaüdçüsündən biri olan Mingəçevirli bir qızın o imtahana görə təqaüddən kəsilməsi olmuşdu. Çünki o qız bu fənni sinifdə hamıdan yaxşı bilirdi və müəllimlərin göndərdiyi bütün məqalələri oxuyub müzakirələrdə aktiv iştirak edirdi.
Görünür, bu hadisə müəllimlərimizə də çox pis təsir etmişdi ki, hər ikisi bu hadisədən sonra Universiteti tərk etdilər. Seminar müəllimimiz isə bizə yazdığı əlvida məktubuna “Heyvanıstan” kitabının elektron versiyasını əlavə etmiş və onu oxumağımızı tövsiyə etmişdi. Kitabı həmin vaxt mən şəxsən oxumamışdım, amma qrup uşaqlarının müzakirələrindən sonra mövzu haqqında xəbərim olmuşdu və müəllimimizin bu kitabı təsadüfi olaraq seçmədiyini anlamışdıq. Kitab, bizim vəziyyətimizin təsvirinə çox uyğun idi.
“Heyvanıstan” kitabı hər bir siyasi elmlər üzrə təhsil alan tələbənin ilk oxumalı olduğu kitablar siyahısında olmalıdır. Kitabın kitabxanamda uzun müddətdir olmasına baxmayaraq mən onu çox gec oxudum. Həmişə o kitabı gördükdə vicdan əzabı hissi ilə dolurdum. Çünki onu müəllimimizin bizə göndərdiyi vaxt oxumadığım üçün özümü qınayırdım.
Köçdükdən sonra bütün kitablarımı özümlə gətirə bilmədiyim üçün “Heyvanıstan” kitabı da Bakıdakı evimizdə qaldı. Burada “Sortytel” tətbiqetməsinə qoşulduqdan sonra kitaba səsini çox sevdiyim Okan Bayülgen tərəfindən səsləndirildiyini gördüyüm an qulaq asmağa başladım.
Kitab çox axıcı dildə yazılmış bir kitabdır. Okan Bayülgenin səsindən dinləmək isə onu daha da maraqlı edirdi. Nə yalan deyim, dinlədikcə Azərbaycanda bir çox oxşar hadisələri yaşadığım üçün tez-tez əsəbiləşirdim. Nə qədər məyusedici bir haldır ki, kitab ilk dəfə 1945-ci ildə çap olunmasına baxmayaraq dünyanın bir çox ölkələrdə hələ də eyni hadisələr təkrarlanmağa davam edir.
Kitaba qulaq asdıqca həm Ərəb baharı hadisələri, həm də regionumuzda olan bir çox hadisələr gözlərimin önünə gəlirdi. Gündəlik həyatımızda demək olar ki, hər gün kitabdakı hadisələr ilə rastlaşırıq. Napoleondan (Stalini təmsil edir) daha çox məni qıcıqlandıran obraz isə Squaler (Napoleonun sözçüsü) oldu. Napoleonun hər bir əmrinə və hərəkətinə necəsə haqq qazandıran və kütləni dolayısı ilə hədələyərək səslərini kəsməyə məcbur edən bu obrazı hər yerdə görmək mümkündür.
Təəssüflə bildirməliyəm ki, Bokser kimi çox çalışan və hakimiyyətin hər dediyini təsdiqləyənləri, Musa kimi yeyib-yatan və insanlara nağıllar danışan din xadimlərini, Molli kimi həyatlarından məmnun və heç bir dəyişiklik etmək istəməyən, komfort zonasında olan orta sinif insanları, Cons, Fredrik kimi ölkə başçılarını, digər donuzlar kimi bürokratları və nəhayət köpəklər kimi polisləri bugün bir çox ölkələrdə görürük. Yalnış anlaşılmasın deyə məqsədimin insanları heyvanlara bənzətmək deyil, sadəcə obrazlar arasındakı oxşarlıqları göstərmək olduğunu xüsusi vurğulamalıyam.
Corc Orvelin bu əsəri ərsəyə getirməklə nə qədər usta bir yazıçı olduğunu da etiraf etməliyəm. Onun yel dəyirmanının insanlar tərəfindən partladılması səhnəsində “Napoleonun da digər heyvanlar kimi yerə uzanmasını” sonradan dəyişərək “Napoleon xaric, digər bütün heyvanların yerə uzanaraq üzlərini bağladığı” kimi dəyişməsi və “Belə edərək Almaniyanın Moskvaya hücumu zamanı Moskvada qalan Stalinə haqsızlıq etməmiş oldum” deməsi onun eyni zamanda nə qədər peşəkar və dürüst bir yazıçı olduğundan xəbər verir.
Mən kitabı çox bəyəndim və sevərək dinlədim. Sizin də bəyənəcəyinizdən əmin olduğum üçün rahatlıqla hər birinizə tövsiyə edirəm...

No comments:
Post a Comment