Ən son yazacağım sözü ən başda yazmaq istədim: Bu kitabdan alacağınız ən əsas iki şeydən biri Səmərqəndi görmək, digəri isə Ömər Xəyyamın rübailərini oxumaq istəyidir. Hələ kitabı bitirməmiş "Rübailər" kitabının ingilis və Azərbaycan dilində olan versiyalarını sifariş etdim. Azərbaycancası bu gün əlimə keçəcək (çox həyəcanlıyam). İngiliscəsi haqqında isə çox şey deyə bilərəm. Əvvəla onu deyim ki, əlimdəki versiya ilk nüsxənin əsasında hazırlanıb və ingilis dilinə Edvard Fitzgerald tərəfindən tərcümə olunub. Bu kitab 1947-ci ildə Amerikada və Kanadada eyni vaxtda nəşr olunub. Kitabın içində həm ilk nəşrin, həm də üç, dörd və beşinci nəşrlərin rübailəri və illüstrasiyaları var. O qədər gözəl və dəyərli bir kitabdır ki, kitabxanaya qaytarmaq istəmirəm. Bu kitab Masaçüsets ştatının Acton Memorial Kitabxanasına da hədiyyə olaraq verilibmiş. Maraqlananlar üçün kitabın şəkillərini aşağıda paylaşıram:
Kitab haqqında bir çox mənfi və müsbət rəylər var. Mənfi rəylərin çoxu tarixi roman adlandırılmasına baxmayaraq tarixi saxtalaşdırmaq, türklərə qarşı düşmənçiliyin hiss olunması, türk sultanlarını aciz, qorxaq kimi göstərmək və s. ətrafındadır. Xüsusilə Məlikşahla bağlı hissədə şişirtmə olduğunu heç kim danmaz yəqin. Ancaq bütün bunları kənara qoysaq romanın axıcı dili, hadisələrin maraqla bir-birini izləməsi, xüsusilə də əsas məzmunu olan "Rübailər" kitabının səyahət macərası insanı kitabın içindən çıxmağa qoymur.
Coğrafi baxımdan hadisələrin cərəyan etdiyi yerlərə (əsasən Rey, İsfahan, Səmərqənd və s.) yaxın olduğumuz üçün inanıram ki, hər birimiz üçün bu kitabı oxumaq maraqlı olar.
Ömər bir gün Səmərqəndə gəlir və Əbu Əli İbn Sinanın tələbəsi və dostu Cabirin küçənin ortasında insanlar tərəfindən vəhşicəsinə döyülməsinə şahid olur. Ömər Cabiri qorumaq istədikdə insanlar Ömərin də Cabir kimi dinsiz filosof olduğunu qışqıraraq onu cəzalandırılması üçün Kadı Əbu Tahirin yanına aparırlar. Ömərin "Rübailər" kitabını yazması da elə Əbu Tahirlə görüşündən sonra başlayır. Əbu Tahir görür ki, Ömər nə yalan danışa bilir, nə də susa bilir və bu xüsusiyyəti onu əvvəl-axır edama aparacaq. Bu səbəbdən də ona dəyərli kağızlardan hazırlanmış, üzəri xüsusi qiymətli məmulatlarla bəzədilmiş içi boş bir kitab verir və nə zaman bir şey söyləmək istəsə onu hər kəsin yanında deməməsini, bu kitaba yazmasını məsləhət görür. Beləliklə, "Rübailər" kitabı ərsəyə gəlir.
İllər keçir, bu kitabın axtarışında olan Ömər adlı şəxs onu tapır lakin kitab sanki tapılmaq istəməmişcəsinə, insanları özünə həsrət qoymaq istərcəsinə 1912-ci ildə baş verən Titanik faciəsində Atlantik okeanının dərinliklərinə qərq olur.
Kitab haqqında yazacaqlarım bu qədərdir. Əslində isə kitabın talesizliyi davam edir. Ömərin öz kitabının harada olduğu bilinmir. Fransis Sanqorski adlı kitab ustası çox qiymətli daşlardan və materiallardan istifadə edərək "Rübailər" kitabını yenidən hazırlayır və onu satışa qoyur. İngiltərə Kralı VII Edvard (sonradan kitabı almadıqları üçün peşman olurlar) da daxil olmaqla bir çox şəxslərə təklif olunsa da 1000 funt sterlinqə satışa çıxarılan kitab 450 funt sterlinqə Amerikalı diler Qabriel Uels tərəfindən alınır.
Təəssüf ki, Titanik gəmisində olan sərnişinlərdən biri də elə məhz Qabriel Uels olur və Amin Maaloufun kitabında yazıldığı kimi "Rübailər" də Titanik kimi həmin gün məhv olur. Qəribədir ki, kitabı hazırlayan Sanqorski də hadisədən 10 həftə sonra dənizdə boğularaq həyatla vidalaşır.
1930-cu illərdə Stanley Bray "Rübailər" kitabını yenidən hazırlayır, lakin bu dəfə də İkinci Dünya Müharibəsi zamanı Londonda qorunan kitab alman bombardmanına məruz qalır.

No comments:
Post a Comment